Sayfalar

2010/07/13

Gözəllik ondur, doqquzu “donsuzluq”dur…

Atalar yaxşı deyiblər, gözəllik ondur, doqquzu dondur. Amma bu gün çoxları üçün gözəllik donda yox, “donsuzluq”dadır. Nəticədə ortaya çıxır ki, “insan donsuz daha gözəl”dir. Bu “fərziyyə”ni can-başla isbat etməyə çalışanları istər şou-biznesli mavi ekranlarda, istərsə də yarım saatlığına şəhərə çıxanda görməmək mümkün deyil. Amma mən yenə də bu dırnaqarası fərziyyənin analizini bacaranların öhdəsinə buraxıram....

Geyimlər bizim üst örtümüzdür. Ancaq buna baxmayaraq, o bizlərin daxilindən, iç dünyasından xəbər verir. Hər nə qədər inkar etsək də, hər birimiz qarşımızdakı insanları ilk görüşdə geyiminə görə dəyərləndiririk. Dilində çoxları qınasa da bu fikri, mən nə dilimdə, nə içimdə qınamıram bu cür düşünənləri. Məsələn, 30 sm-lik ətək və ya sapları bir-birinə nazik tellərlə bağlanan bir geyim geyinən xanımın əxlaqına, ağlına şübhə etməmək əldə deyil.Başqa bir misal, yanında qoluna taxdığı xanımdan daha “xanımvari” geyinən bir bəy haqqında kiminsə yaxşı fikirdə ola bilməsi elə o insanın özü haqqında məni düşündürməyə vadar edər. Təbii, bunları “müasirlik”, özləri demişkən “modernlik” adlandıranlar var. Amma düşünürəm ki, bəlkə də belələrini də qınamaq lazım deyil. Çünki onlarçün müasirlik lüt-üryan gəzib dolaşmaqda, özlərini dırnaqarası gözəllik kumirlərinə bənzətməkdədir. Hətta bugün yaxşı bir söz dəb halına düşüb: “Gözəllik qurban tələb edir.” Bəli, ola bilər, gözəllik üçün nədəsə fədakarlıq edəsən, amma ta dırnaqarası gözəl görünmək üçün mədəniyyətindən, əxlaqından vaz keçmək...inciməyin, deyəcəm, bu ancaq “əxlaqçı”lar üçün keçərlidir...

Əslində bugünkü gəncləri də qınamaq olmaz. Əgər ana 3-4-cü sinifdə oxuyan uşağıynan televiziya qarşısında oturub “semiçka” çırtlayaraq teleseriallara baxırsa, hətta oradakı aktyor və aktrisaların geyimlərini matax bir şey kimi dəyərləndirirsə, o uşağın gələcəkdə sahib olacağı geyim mədəniyyətinə şübhə ilə yanaşmaq olar.Və ya bu günkü şou-biznesdəki “şpaklyovkalı”ların geyimlərini özünə dəb seçən ananın övladlarından hansı geyim əxlaqını gözləmək olar, deyə bilərsiniz? Hətta daha da irəli gedib başqa bir misal çəkim, qızını altdan-üstdən metrəlik parçalara bürüyən atanın televiziya qarşısında oturub aygünkimilər fəsiləsindən olanlara ağızsuyu axıtması övladın gələcək əxlaqçı geyim mədəniyyətindən xəbər vermirmi.....??? Bu misalları istədiyiniz qədər uzada bilərəm. Amma uzatdıqca sözün əsl mənasında qəlbim ağrıyır. Axı bu gün dırnaqarası baxdığımız geyim mədəniyyətini belə barbarcasına itirməklə özümüzü itiririk, BİZ olmaqdan çıxırıq...Bunu isə nə yazıq ki, anlayan çox az. Ona gorə də:

Mavi ekranlara baxıb “müasirləşirik”,
Şəhərdəki donsuzlara baxıb özgələşirik...

QEYD: Ey böyük Millətim, özünə qayıt! Yetər artıq bu qədər özgələşdiyin. Sən özünə qayıdanda böyük olursan. Heç olmasa, o böyüklüyün xətiri üçün özlüyünə dön!!!

Nermin Memmedli

Hiç yorum yok:

Yorum Gönder