Sayfalar

2010/12/21

MAVİ EKRANLARIN "AŞURA" DONU

Yaşıl üzsüz qalmış mavi ekranların və ya yaşılofobiya ilə məşğul olan əksər televiziya kanallarının Tasua-Aşura günlərində proqramlarındakı ab-hava matəm görkəmini xatırladırdımı? Bu, bir yana, ümumiyyətlə televiziya ekranları önəmi önəmindən önəmli olan bu günlərdə hansı qeyri-adi addımlar atmışdılar?

Qısaca araşdırmam bu mənada məsələnin o qədər də ürəkaçan olmadığını bir daha göstərdi. 9 televiziya kanalımızdan “İdman Azərbaycan” və “ATV İnternational”ı çıxmaqla bəlkə də məsələni istədiyim yaxşı yönə çəkirdim. Amma nə çarə... Qeyd edim ki, araşdırmam sadəcə Aşura günüylə bağlı idi. Tasua günü toplumda o qədər də tanınmadığı üçün, tv-ekranlardan nə isə ummaq yersiz olardı. İlk öncə ictimaiyyətdə çox pis tanınan, özünü Azərbaycan teleməkanının lideri görən Lider Tv-nin proqramına diqqət yetirək. Çox təəssüf ki, bu tv Aşura gününün sözün yaxşı mənasında lideri ola bilmədi. Ümumi gündəlik proqramda heç bir dəyişiklik yox idi. Bu azmış kimi, “Tap dostum” musiqili əyləncəli yarışması da “prime time”da ekranda yayımda idi. Lider tv-dən əlimi üzüb, bir çox hallarda İslama önəm verən, reytinqlərin lideri Xəzər Tv-yə yön tutdum. Amma yönümdə, düşüncəmdə yanlışlıq var idi. Xəbər proqramları xaricində Aşura günü Xəzər TV-nin cədvəlində dəyişiklik edə bilməmişdi. “Buna da bir quş” – deyib, şou-biznesin ifratına varan, bu mənada insanlarda ikrah hissi yaradan, son bir neçə gündə hicabofobiyada da əməyi olan, “Azad Azərbaycan” televiziyasına diqqət yetirmək istəməzdim. Çünki, bu tv-kanaldan heç bir şey gözləmirdim. Amma yenə də: “bəlkə?” deyib, nəzərlərimi ATV kanalına çevirdim. Elə gözlədiyim və ya başqa sözlə, gözləmədiyim mənzərənin şahidi oldum:

- Musiqilər, “Yeni ulduz 10”, “Onun yarısı” və s. bu tipli musiqili verilişlər. Heç təəccüblənməyib, nəzəri addımlarımı dövlət televiziyasından - Aztv-dən saldım. Cəmiyyətin əksər hissəsinin biri-birinə yarı ciddi-yarı zarafat “səni görüm Aztv-yə baxasan” dediyi dövlət tv-dən söhbət gedir. Amma bir nüans nəzərimi çəkdi. Bu müqəddəs günə xatir “Peyğəmbər (s)” bədii filmi ekranda özünə yer tapmışdı. Buna “sevinimmi, üzülümmü?” formatlı qaranlıq qalmış suallarıma cavab tapa bilmirdim. “İnşaallah, bundan yaxşısı olar” kimi arzu-istəklərimlə milli adət-ənənəmizi üstün tutan İctimai tv-dən ümidlərim çox idi. Amma bu çox olan ümidlərim sıfra endi. Hətta “Avroviziya” musiqili yarışmasının da ekranda görünməsi bu tv-də “Aşura” gününün hörmətinin olmamasından xəbər verirdi. 2 tv kanalı qalmışdı: Space və ANS TV. Mübarək Ramazan ayında “Hz.Yusif” serialıyla cəmiyyətimizə müsbət yöndə töhfə vermiş Space tv-dən çox da olmasa, gözləntilərim var idi. Sadəcə olaraq, milli kinomuz olan “Axırıncı aşırım” ümumi proqramda dəyişikliyin yaxşı mənada qurbanı olsa da, “Planet parni iz Baku” əyləncəli verilişi buna kölgə salaraq, sanki “Gözləntilərini məndən də çək!” deyirdi.

Sonda tv kanallarımızın içərisində digərlərinə nisbətən mənəvi yönüylə tanınan ANS TV, bu dəfə də Aşura gününün ehtiramını saxlayaraq proqramında ciddi dəyişiklik etmişdi desəm, yanılmaram. Əsla ANS-çi mövqe tutmuram. Ən azından onu deyim ki, bir neçə il bundan əvvəlki hamının sevimlisi olan ANS artıq bu hörmətini itirib. Mən sadəcə olaraq Aşura günüylə araşdırmamdakı gerçəklikləri deyirəm və deməliyəm də. Bu mənada ANS-ə ”alqışlar”. Diqqətimi çəkən məqam - “Meyxana” verilişinin həm “Tasua”, həm də “Aşura” günü və “Toy olsun” verilişinin “Aşura” günü efirə getməməsi idi. Bundan başqa, ”Günəbaxan” verilişində Aşura mövzusu, “İbrahim”, ”Vaqiə günü”, “Axırıncı aşırım”, “Kərbəla”, “Tövbə”, “Əsirlər karvanı” filmlərinin efirə getməsi ANS-ə “alqışlar, əhsən” deməyimin layiqli səbəbiydi.

P.S. Sonda ANS Tv-nin proqramına diqqət yetirməyim, yazımı sadəcə olaraq bədbin notlarla bitirməmək istəyimdən irəli gəlir. Bu qədər TV kanalımızın içərisində isə yalnız birinin Aşura müqəddəsliyinə ehtiramı ürəkyandıran gerçəklikdir.

Pərviz Həsənli.

İstinad: Deyerler.org